Məzmuna keç

Förde

Vikipediya, azad ensiklopediya
Şəhər[1]
Förde
Şəhərin görünüşü
Şəhərin görünüşü
61°28′ şm. e. 5°50′ ş. u.HGYO
Ölkə Norveç
Tabeliyində Sunnfyord bələdiyyəsi
Region Qərbi Norveç
Dairə Vestland
Tarixi və coğrafiyası
Əsası qoyulub 1997
Sahəsi 5,91 km²
Mərkəzin hündürlüyü 27 m
Saat qurşağı [[UTCMAV (UTC+1), yayda MAYV (UTC+2)]]
Əhalisi
Əhalisi 10 697 nəfər (2024)
Sıxlığı 1810 nəf./km²
Rəqəmsal identifikatorlar
Poçt indeksi 6800 Förde
Förde xəritədə
Förde
Förde
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Förde[2]— Norveçin Vestland dairəsində Sunnfjord bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər[1] Fördefyordenin şərq ucunda, Yölstra çayının mənsəbində yerləşir. Sahəsi 5,91 km² olan şəhərin 2024-cü ildə əhalisi 10 697 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1810 nəfər təşkil edir.[3]

Förde ərazi üçün mühüm ticarət, sənaye və dövlət idarəetmə mərkəzidir. Şəhərin mərkəzində, limanın yanında yerləşən Öyrane ərazisi regional sənaye mərkəzidir. Şəhərdə yerli ibtidai və orta məktəblərlə yanaşı, xalq liseyi də fəaliyyət göstərir. Bundan əlavə, Qərbi Norveç Tətbiqi Elmlər Universitetinin kampuslarından biri Fördedə yerləşir. Burada Mühəndislik və Səhiyyə Elmləri bölmələri fəaliyyət göstərir. Fördedə dairə kitabxanasının filialı, həmçinin Förde Mərkəzi Xəstəxanası yerləşir və xəstəxana Förde Sağlamlıq Trestinə məxsusdur. Regional xəstəxana ərazidəki ən böyük səhiyyə müəssisəsi və şəhərin ən böyük işəgötürənidir. Regional qəzet Firdanın redaksiyası Fördedə yerləşir. Förde kilsəsi şəhərin əsas kilsəsidir.[4] Şəhərin mərkəzində iki böyük ticarət mərkəzi — Elvetorget və Alti Førde yerləşir.

Şəhər Rv. 5 və E39 avtomobil yollarının kəsişməsində yerləşir. Rv. 5 Fördeni yaxınlıqdakı Florö şəhəri ilə Naustdal tuneli vasitəsilə birləşdirir, E39 isə Fördeni şimalda Ålesund, cənubda isə Bergen şəhərləri ilə birləşdirir. Keçmiş Förde hava limanı, Öyrane şəhərin mərkəzində, Öyranedə yerləşirdi, lakin bu hava limanından yalnız 1971–1986-cı illərdə istifadə olunub. Ərazi hava limanı üçün əlverişli olmadığından, şəhərdən təxminən 15 km cənubda, Förde bələdiyyəsində yerləşən Bringeland kəndinin yaxınlığında yeni Förde hava limanı tikildi. Bringeland əslində qonşu Gaular bələdiyyəsinin ərazisində yerləşirdi; 2020-ci ildən etibarən hər iki ərazi Sunnfjord bələdiyyəsinin tərkibinə daxildir.

Müasir şəhər 2020-ci ilə qədər mövcud olmuş keçmiş Förde bələdiyyəsinin inzibati mərkəzi idi. 2020-ci ildə bələdiyyə Sunnfjord bələdiyyəsinin tərkibinə daxil oldu. Bundan sonra Förde yeni Sunnfjord bələdiyyəsinin inzibati mərkəzinə çevrildi.[4]

21 aprel 1965-ci ildə Fördenin regional mərkəzə çevrilməsi barədə qərar qəbul edildi. Həmin dövrdə Gerhardsen hökuməti kənd yerlərindən iri şəhərlərə miqrasiyanın sürətini azaltmağı qarşıya məqsəd qoymuşdu. Ölkə üzrə ümumilikdə doqquz yaşayış məntəqəsi müəyyən edildi və Förde də inkişaf etdirilən məntəqələrdən biri oldu. 1951-ci ildə Fördenin əhalisi cəmi 3 080 nəfər idi, lakin 1980-ci ilə qədər 7 086 nəfərə çatdı. Şəhər bir neçə onillik ərzində inkişaf edərək Bergen və Ålesund arasındakı ən böyük ticarət və xidmət mərkəzinə çevrildi.[5]

1988-ci ildə şəhər "Norveçin ən çirkin şəhəri" adlandırıldı.[6][7]

Förde Norveçin ən çox yağıntı alan şəhərlərindən biridir. Bunun səbəbi ətrafdakı dağların yaratdığı orografik yağıntıdır. Qış adətən ilin ən yağıntılı dövrüdür. Qış aylarında davamlı quru qar örtüyünə nadir hallarda rast gəlinir, çünki yağışın qarın üzərinə yağması hadisələri müntəzəm olaraq baş verir.[8] Yay aylarında temperaturun 20 °C-dən yuxarı olması, şəhərin bir qədər daxildə yerləşməsi və ətrafdakı dağlardan gələn Fyon küləkləri ilə əlaqədar adi haldır. Dəniz brizinin fyorddan içəri daxil olması nəticəsində temperatur əksər günlər günortadan sonra sürətlə aşağı düşür.

Förde – Tefre (1991–2020, 64 m)
Ay Yan Fev Mar Apr May İyun İyul Avq Sen Okt Noy Dek İl
Orta maksimum (°C) 2.5 2.6 5.4 10.0 14.5 17.7 20.1 19.4 15.5 10.1 5.3 2.6 10.5
Orta temperatur (°C) −0.3 −0.7 1.5 5.2 9.2 12.7 14.9 14.3 10.8 6.1 2.4 −0.1 6.3
Orta minimum (°C) −3.0 −3.5 −1.8 1.0 4.3 8.0 11.0 10.6 7.6 3.5 0.0 −3.0 2.9
Yağıntı (mm) 250.1 221.3 209.4 121.4 103.7 118.4 135.4 141.8 205.8 230.9 255.2 288.1 2281.5
Yağıntılı günlər (≥ 1 mm) 21 19 21 18 18 19 20 20 20 22 21 22 241
Mənbə: NOAA WMO normals 1991–2020 Norway

Media qalereyası

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Norveç dilində "by" sözü ingilis dilinə həm "town", həm də "city" kimi tərcümə oluna bilər.
  2. ↑ "Informasjon om stadnamn". Norgeskart (norveç). Kartverket. 23 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2025.
  3. ↑ Statistisk sentralbyrå. "Urban settlements. Population and area, by municipality". 1 oktyabr 2024. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2026.
  4. 1 2 "Förde (tettsted)". Store norske leksikon (norveç). İstifadə tarixi: 26 oktyabr 2025.
  5. ↑ Løland Torpe, Sigbjørn. "Førde 1965 - vegen fram til etablering av vekstsenter" (PDF) (norveç). 12 avqust 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 oktyabr 2025.
  6. ↑ Ravnestad, Gro. "Er Førde framleis styggast?". NRK (bokmal norveç). 17 aprel 2012. İstifadə tarixi: 4 mart 2026.
  7. ↑ "Irene la sommerferien til Norges styggeste by. Da oppdaget hun noe overraskende". www.bt.no (bokmal norveç). 19 avqust 2024. İstifadə tarixi: 4 mart 2026.
  8. ↑ Pall, Pardeep; Tallaksen, Lena M.; Stordal, Frode. "A Climatology of Rain-on-Snow Events for Norway". Journal of Climate (ingilis). 32 (20). 15 oktyabr 2019: 6995–7016. doi:10.1175/JCLI-D-18-0529.1. hdl:10852/74928. ISSN 0894-8755. 19 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2026.