Məzmuna keç

Delikt

Vikipediya, azad ensiklopediya
İctimai təhlükəlilik əlamətinə görə hüquqpozmanın (delictum) cinayət və xətaya bölünməsi

Delikt (lat. delictum — "xəta", "hüquqpozma") — xüsusi hüquq normalarına əsasən zərərçəkmiş şəxslərin xeyrinə vurulmuş zərər və ziyanın ödənilməsini tələb edən hüquqa zidd davranış, xüsusi xəta və ya mülki-hüquqi (lat. delictum privatum) xətadır.[1]

Deliktologiya — hüquqpozma haqqında elmdir.

Delikt əhəmiyyətli dərəcədə cinayət anlayışı ilə üst-üstə düşür, çünki cinayət də öz növbəsində zərərçəkmiş şəxsin xeyrinə kompensasiya tələbini şərtləndirir. Lakin mülki-hüquqi öhdəlik yaratmayan bir sıra cinayətlər də mövcuddur; bu, ya hər hansı bir maddi və ya mənəvi zərərin vurulmaması ilə (məsələn, cinayətə qəsd zamanı), ya da əvəzinin ödənilməsi mümkün olan subyektlərin olmaması ilə əlaqədardır (məsələn, ailənin dolandırıcısı olmayan bir şəxsin öldürülməsi halında).[2] Bunun əksi olaraq, kütləvi hüquq (publik hüquq) nöqteyi-nəzərindən əhəmiyyətsizliyinə görə cinayət məsuliyyətinə səbəb olmayan, lakin fərdlərə zərər vurduğu üçün mülki-hüquqi qaydada kompensasiya edilməli olan bir çox xüsusi deliktlər də mövcuddur. Buna görə mülki hüquq sahəsində delikt dedikdə, şəxslər arasında əvvəllər mövcud olmuş hər hansı bir mülki-hüquqi müqavilə münasibətindən asılı olmayaraq, fərdin şəxsi və ya əmlak sferasına müdaxilə edən və ona ziyan vuran hər bir hüquqa zidd hərəkət (istər cinayət, istər xəta, istərsə də sadə əmlak zədələnməsi olsun) başa düşülür.[3]

Kvazideliktlər

[redaktə | vikimətni redaktə et]

Roma hüququnda kvazideliktlər (delikt bənzərləri) deliktlərə yaxın olan, lakin onlardan fərqlənən müstəqil öhdəlik mənbələri hesab olunurdu. Deliktlərdən yaranan öhdəliklər ilə kvazideliktlərdən yaranan öhdəliklər arasındakı əsas fərqlər aşağıdakılardan ibarət idi:[4]

  • Delikt yalnız zərərli nəticələr baş verdiyi təqdirdə meydana gəlirdisə, kvazidelikt belə nəticələr hələ baş vermədikdə belə, sadəcə onların baş vermə ehtimalı (təhlükəsi) olduqda da yarana bilərdi;
  • Zərər vuran şəxsin təqsiri olmadıqda delikt öhdəliyi yaranmırdı, kvazidelikt isə təqsir olmadıqda belə mövcud ola bilirdi;
  • Zərər vuran şəxsin kimliyi məlum olmadıqda delikt yaranmırdı, kvazidelikt isə konkret zərər vuran şəxs müəyyən edilmədikdə belə mövcud olurdu;
  • Əməl öz hərəkətlərinə hesabat vermək iqtidarında olmayan şəxs və ya heyvan tərəfindən törədildikdə delikt yaranmırdı, kvazidelikt isə bu mürəkkəb hallarda da tətbiq edilirdi.

Roma hüququnda ən tanınmış kvazideliktlər aşağıdakılar idi: judex litem suam fecit (hakimin ədalətsiz və ya qeyri-peşəkar qərarına görə məsuliyyəti); actio de positis et suspensis (binalardan asılmış və ya yerləşdirilmiş əşyalara görə məsuliyyət); actio de effusis et dejectis (tökülmüş və ya atılmış əşyalara görə məsuliyyət); actio adversus nautas, caupones et stabularios (gəmi, mehmanxana və karvansara sahiblərinin məsuliyyəti).[5]

Actio de effusis et dejectis (tökülmüş və ya atılmış əşyalardan irəli gələn iddia) — pəncərəsindən və ya evindən hər hansı bir şey tökülən yaxud atılan və bununla da kiminsə əmlakına və ya sağlamlığına zərər vuran şəxsin məsuliyyətini ifadə edirdi. Bu zaman ev sahibinin fərdi təqsirinin olub-olmaması əhəmiyyət kəsb etmirdi və zərərçəkən iddianı birbaşa ev sahibinə qarşı qaldırırdı. Actio de positis et suspensis (asılmış və ya yerləşdirilmiş əşyalardan irəli gələn iddia) — evin yaxınlığında və ya üzərində hər hansı bir əşyanın (lövhələr, gül dibçəkləri və s.) yoldan keçənlərə zərər vurma ehtimalı olacaq şəkildə yerləşdirilməsi və ya asılmasına görə məsuliyyəti tənzimləyirdi. Bu halda, ictimai yolun kənarındakı evlərdə belə təhlükəli əşyaların olduğunu görən istənilən Roma vətəndaşı ev sahibinə qarşı iddia qaldıra bilərdi. Onun xeyrinə 10 min sestersi məbləğində cərimə tutulurdu. Actio adversus nautas, caupones et stabularios isə gəmi, mehmanxana və karvansara sahiblərinin, onların işçiləri tərəfindən törədilən oğurluqlara görə daşıdıqları kvazidelikt məsuliyyətini ehtiva edirdi.[6]

  1. ↑ Bryan A. Garner, redaktorBlack's Law Dictionary (11th). Thomson Reuters. 2019. 542. ISBN 978-0314284587.
  2. ↑ Zimmermann, Reinhard. The Law of Obligations: Roman Foundations of the Civilian Tradition. Oxford University Press. 1996. 912–916. ISBN 978-0198260813.
  3. ↑ Birks, Peter. The Roman Law of Obligations. Oxford University Press. 2014. 214–218. ISBN 978-0199650453.
  4. ↑ Zimmermann, Reinhard. The Law of Obligations: Roman Foundations of the Civilian Tradition. Oxford University Press. 1996. 10–25. ISBN 978-0198260813.
  5. ↑ Nicholas, Barry. An Introduction to Roman Law. Oxford University Press. 1962. 224-228. ISBN 978-0198760634.
  6. ↑ "On Quasi-Delictual Obligations in Roman Private and Modern Russian Civil Law". 7 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2023.

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]