Leknes
| Şəhər[1] | |
| Leknes | |
|---|---|
| Qışda Leknesin görünüşü (arxa planda Bulitinden və Quretinden dağları) | |
| 68°08′51″ şm. e. 13°36′41″ ş. u.HGYO | |
| Ölkə | Norveç |
| Tabeliyində | Vestvoqöy bələdiyyəsi |
| Region | Şimali Norveç |
| Dairə | Nordland |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 2002 |
| Sahəsi | 2,7 km² |
| Mərkəzin hündürlüyü | 10 m |
| Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
| Əhalisi | |
| Əhalisi | 3.763 nəfər (2023) |
| Sıxlığı | 1394 nəf./km² |
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 8370 Leknes |
Leknes (ⓘ) — Norveçin Nordland dairəsində yerləşən Vestvoqöy bələdiyyəsində şəhərdir.[1] Şəhər həmçinin Vestvoqöy bələdiyyəsinin inzibati mərkəzidir. 11.619 əhalisi olan bələdiyyə Lofoten və Vesteralen bölgələrində ən çox əhalisi olan bələdiyyədir. Leknes 2002-ci ildə şəhər statusu almışdır.[2] Sahəsi 2,7 km² olan şəhərin 2023-cü ildə əhalisi 3763 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1394 nəfər olmuşdur.[3]


Şəhər Lofoten arxipelaqının coğrafi mərkəzində, Vestvoqöya adasında yerləşir. Svolvaer şəhərindən təxminən 68 km qərbdə, Moskenes bələdiyyəsində yerləşən O kəndindən isə 65 km şərqdədir. Leknes Lofotendə balıqçılıqdan asılı olmayan və şəhər mərkəzi dəniz kənarında yerləşməyən azsaylı şəhərlərdən biridir. Buna və son illərdə sürətlə böyüməsinə görə şəhərdə, Lofotendəki əksər balıqçılıq kəndlərində olduğu kimi ənənəvi taxta memarlıq yoxdur. Bununla belə, dağları, zirvələri, qayalıqları və ağ qumlu çimərlikləri ilə təbii ətrafı, Norveçin ən möhtəşəm mənzərələri sırasındadır.
Şəhərin Leknes Havn limanı, Norveçin kruiz gəmiləri üçün ən mühüm və ən çox ziyarət edilən limanlarından biridir. Fygle məhəlləsindəki köhnə məktəb, muzeyə çevrilmişdir. Hol kilsəsi şəhərin şərq kənarında yerləşir. Leknes, Fygle və Gravdal kəndləri illər ərzində bir-biri ilə birləşərək vahid şəhərsalma ərazisi yaratmışdır. Nordland xəstəxanasının bölmələrindən biri Leknesin mərkəzindən təxminən 4 km cənub-qərbdə yerləşən Gravdaldadır. Leknesdə gecəyarısı günəşi mayın 26-dan iyulun 17-dək üfüqdən yuxarıda olur, qışda isə günəş dekabrın 9-dan yanvarın 4-dək şəhərdə doğmur.
Nəqliyyat
[redaktə | vikimətni redaktə et]Leknes Lofotenin ticarət və alış-veriş mərkəzidir və bu baxımdan yalnız Svolvaer şəhəri ilə rəqabət aparır. Avropa E10 avtomagistralı şəhərdən keçərək Lofotenin bütün əsas adalarını materiklə birləşdirir. Leknesdə regional təyyarələr üçün hava limanı da var. Leknes hava limanından Bodö şəhərinə gündəlik 7, Tromsö şəhərinə isə gündəlik 1 planlı reys həyata keçirilir. Bu reysləri Wideröe aviaşirkəti yerinə yetirir. Şəhərdə Lofotenin digər ərazilərinə avtobus əlaqələrinin mərkəzi olan kiçik avtovağzal yerləşir.
İqlim
[redaktə | vikimətni redaktə et]Meteoroloji stansiya kiçik Leknes hava limanında yerləşir. Bütün müşahidə dövrü üzrə ən yüksək temperatur 2018-ci ilin iyulunda qeydə alınmış 29,9 °C, ən aşağı temperatur isə 2019-cu ilin fevralında qeydə alınmış −15,8 °C olmuşdur. Leknesdə qışlar yağıntılı keçir. Yay aylarında yağıntı qış ayları ilə müqayisədə xeyli azdır və qış yağıntılarının yalnız 25%-ni təşkil edir. Meteoroloji stansiya 1972-ci ildə fəaliyyətə başlamış, 2002-ci ildən etibarən qeydlər mövcuddur.
| Ay | Yan | Fev | Mar | Apr | May | İyun | İyul | Avq | Sen | Okt | Noy | Dek | İl |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Orta temperatur (°C) | 0 | −0,6 | 0 | 2,8 | 6,5 | 9,9 | 12,8 | 12,2 | 9,4 | 5,2 | 2,6 | 1 | |
| Yağıntı (mm) | 203 | 174 | 161 | 93 | 74 | 45 | 38 | 78 | 123 | 161 | 173 | 223 | |
| Mənbə: Norveç Meteorologiya İnstitutu | |||||||||||||
Media
[redaktə | vikimətni redaktə et]Lofot-Tidende qəzeti 1987-ci ildən Leknesdə nəşr olunur.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Norveç dilində by sözü həm "şəhər", həm də "qəsəbə" kimi tərcümə oluna bilər.
- ↑ Store norske leksikon. "Leknes – tettsted i Vestvågøy" (norveç). İstifadə tarixi: 25 iyun 2012.
- ↑ Statistisk sentralbyrå. "Urban settlements. Population and area, by municipality". 23 dekabr 2023. 8 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2026.
- ↑ Skarby, Karen. "Lofot-Tidende er 35 år i år: – Det Kent og gjengen har fått til er svært imponerende" (norveç). 26 yanvar 2022. 8 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2024.